2024-06-11

Vaşinqtonda “İqlim Dəyişikliyi və Azərbaycanın COP 29 Sədrliyi” mövzusunda tədbir keçirilib.

Ölkəmizin ABŞ-də səfiri Xəzər İbrahim 10 iyun tarixində Vaşinqton şəhərinin Beynəlxalq Tələbə Evində hibrid formatda keçirilən tədbirdə çıxış edib.

Tədbir amerikalı tələbənin pianoda ifası ilə dövlət himnimizin səsləndirilməsiylə başlayıb.

Tədbirə ev sahibliyi edən Vaşinqton şəhərinin Beynəlxalq Tələbə Evinin baş icraçı direktoru Daniyel Bremer, idarə heyətinin sədri, sabiq səfir Mişel Bond və ABŞ-də təhsil alan azərbaycanlı tələbə Cavid Rəhimli Azərbaycan səfirini və tədbirdə iştirak edən xarici qonaqları salamlayıb.  

Tədbirdə səfir X.İbrahim iqlim dəyişikliyi və Azərbaycanın COP 29 sədrliyi haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Diplomat Azərbaycanın ətraf mühit və iqlim fəaliyyətinə COP 29 sədrliyindən daha çox öncə başladığını vurğulayaraq, ölkəmizin külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələri üçün böyük potensiala malik olduğunu qeyd edib. Ölkəmizin bir sıra bölgələrində günəş enerjisinə birbaşa xarici investisiyalara maraq olduğunu qeyd edən səfir, özəl sektorun vacib rolundan və bu xüsusda əməkdaşlığın davam etidirilməsinin vacibliyindən bəhs edib. Səfir həmçinin, Azərbaycanın COP 29 sədrliyi zamanı əsas prioritetlərdən birinin iqlim maliyyəsi olduğunu qeyd edib. Diplomat COP 29-un keçiriləcəyi Bakı Olimpiya Stadionu ərazisinin illər əvvəlki və hazırki vəziyyətindən, eləcə də bundan əvvəl Bakı şəhərində “Qara şəhər” adı ilə tanınan ərazidən və “Ağ şəhər” konsepsiyasından bəhs edərək, bu dəyişimin və nəaliyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi planının bir nəticəsi olduğunu vurğulayıb. Daha sonra, səfir iqlim fəaliyyətində gənclərin əhəmiyyətli rolundan söz açaraq, gənclərin iqlim proseslərində iştirakının önəmini xüsusilə qeyd edib. Çıxışının sonunda diplomat qeyd edib ki, bundan əvvəl bir çox COP-lar keçirilmişdir və bir sıra məqsədlər irəli sürülüb, lakin Azərbaycanın COP 29 sədrliyinin məqsədi yeni məqsədlər irəli sürmək olmadığını, keçmişdə qarşıya qoyulan məqsədlərin icra olunmasının təmin edilməsi olduğunu vurğulayıb.

Tədbir zamanı qonaqlara Azərbaycan və ölkəmizin COP 29 sədrliyinə dair video-çarxlar təqdim olunub, daha sonra sual-cavab sessiyası baş tutub.  

Tədbirin sonunda xarici qonaqlara milli mətbəximizin təamları təqdim olunub.

 

 

Arxiv üzrə axtarış