ŞƏXSİ SƏFƏR VİZASI

Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Tələb olunan sənədlər:

1.Doldurulmuş ərizə-anket (buradan yüklənə bilər). 

2.Pasport (əsli və surəti)

  • Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
  • ABŞ vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayış hüququnu təsdiq edən sənədi (green card) təqdim etməsi vacibdir.

3.İki ədəd 3x4 ölçülü fotoşəkil.

  • Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir

4.Dəvət məktubu

  • Məktub notarial qaydada təsdiq olunmalıdır.
  • Məktubda səfər edən şəxs(lər)in adı, soyadı, doğum tarixi, səfərin məqsədi, səfərin tarixi və Azərbaycanda planlaşdırılan qalma müddəti qeyd olunmalıdır.

5.Dövlət rüsumunun ödənilməsi barədə sənəd

6.Tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənədin surəti

  • Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-pasportunun (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi) surəti təqdim olunmalıdır.
  • Aşağıda qeyd olunan kateqoriyalardan olan şəxslərdən tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənəd tələb olunmur:
    • Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, o cümlədən onların ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd əsasında.
    • Diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
    • Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları) –müvafiq təsdiqedici sənədlər əsasında.

 

DİQQƏT!

  • Səfirliyin Konsulluq bölməsi viza müraciətlərini yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd / məlumat istəmə hüququnu özündə saxlayır.
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

Arxiv üzrə axtarış