2024-05-29

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 may - Müstəqillik Günü və 26 iyun Silahlı Qüvvələri Gününə həsr olunmuş qəbul keçirilib.

Qəbulda ABŞ rəsmiləri, xarici ölkələrin ABŞ-dakı səfirləri, diplomatik korpus nümayəndələri, hər iki ölkənin ictimaiyyət və biznes nümayəndələri iştirak edib. Əvvəlcə hər iki ölkənin dövlət himni səsləndirilib.

Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-la Azərbaycan arasında əməkdaşlığın dərin tarixə malik olduğunu deyib. Onun sözlərinə görə, iki ölkə arasında hər zaman mükəmməl əlaqələr mövcud olub. Səfir Müstəqillik Günü ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanladığını qeyd edərək bildirib ki, məktubda ABŞ Prezidenti 30 ildən artıq tarixə malik diplomatik əlaqələr dövründə ABŞ və Azərbaycanın qarşılıqlı maraq kəsb edən güclü tərəfdaşlıq əlaqələri qurduğunu qeyd edib.

Səfir Azərbaycanın bu il COP 29-a ev sahibliyi edəcəyini qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyevin kiçik ada dövlətlərə yardımla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan iqlimlə bağlı yerli gündəliyi üzərində də işləyir və Xəzər dənizinin külək enerjisinin Avropa bazarına çıxarılması ilə bağlı mega layihələrə həyata keçirilir.

Xəzər İbrahim Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda sülhün mümkün olduğunu əlavə edib.

Daha sonra Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov 1918-ci il 28 may tarixində Azərbaycan Demokrarik Respublikası qurulan zaman onun qarşıya qoyduğu əsas məqsədlərdən birinin də ordu quruculuğu olduğunu deyib. Onun sözlərinə görə, 26 iyun tarixində ADR ilk ordusunu yaradıb və bu milli hərbi birləşmə milli dövlətçiliyin müdafiəsində, sərhədlərin qorunmasında və yeni qurulmuş respublikanın təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayıb. Hərbi attaşe əlavə edib ki, müstəqilliyini bərpa etdikdən sonra iqtisadi çətinliklə üzləşən Azərbaycan həm də hərbi təcavüzə məruz qalıb. Onun sözlərinə görə, buna baxmayaraq Azərbaycan bu sınaqdan ləyaqətlə keçib və sonralar onun suverenlik və ərazi bütovlüyünü bərpa etməyə qadır güclü Silahlı Qüvvələri formalaşdırıb.

Rüstəm Gözəlov əlavə edib ki, bu gün Azərbaycan ordusu beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir.

ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hak 32 il ərzində iki ölkə arasında tərəfdaşlıq əlaqələri qurulduğunu və bu tərəfdaşlığın dostluğa, ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslandığını deyib. O bildirib ki, bu illər ərzində Azərbaycan ABŞ-la terrorla, zorakı ekstremizmlə mübarizə sahəsində birlikdə hərəkət edib. O həmçinin enerji və qaz layihələrində, təhsil sahəsində, yaşıl iqtisadiyyata keçid sahəsində əməkdaşlığa toxunub. Dövlət Departamenti rəsmisinin sözlərinə görə, Dövlət Katibi Antoni Blinken bu əlaqələri qurmaq və inkişaf etdirmək, həmçinin Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülhə nail olmaq səylərinə şəxsən xüsusi diqqət yetirir. O ABŞ-ın Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyi

Oklahoma Milli Qvardiyasının Briqada generalı Kolbi Vayet 22 il əvvəl Azərbaycanla Oklahona Milli Qvardiyası arasında tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O bildirib ki, təmsil etdiyi ştat hər iki tərəf üçün fayda kəsb edən əlaqələrə sadiqdir. Amerikalı general tərəflərin sülh və stabilliyi gücləndirmək naminə birgə səy göstərdiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra ABŞ-ın Vaşinqton şəhərinin meri Muriel Bauzer tərəfindən 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə imzalanmış bəyannamə oxunub.

 

Arxiv üzrə axtarış