2024-02-26

Xocalı soyqırımının 32-ci ildönümü Vaşinqtonda anılıb

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşkilatçılığı ilə ABŞ-Azərbaycan Ticarət Palatasında Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Tədbirdə Türkiyə Respublikasının ABŞ-dəki Səfirliyinin müvəqqəti işlər vəkili Diğdem Buner və Türkiyə Səfirliyinin əməkdaşları, ABŞ-də yaşayan Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak edib.  

İlk öncə Xocalı soyqırımı zamanı şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim bu günün ölkəmizin tarixində qanlı bir səhifə olmasına baxmayaraq, Azərbaycan xalqının şəhidlərimizin xatirəsini qürurla yaşadaraq dövlətimizin daha da güclənməsinə nail olacağına əmin olduğunu bildirib. Prezident cənab İlham Əliyevin çıxışına istinad edən səfir, Xocalıda baş verənləri unutmayacağımızı və soyqırım aktında iştirak etmiş hər kəsin törətdiyi cinayətə görə cavab verəcəyini vurğulayıb. Səfir Xəzər İbrahim regionda sülhün olacağına inandığını, lakin bu kimi cinayətlərin cavabsız qalmayacağına əminliyini ifadə edib. O, Azərbaycanın bu gün güclü olmasını həm də haqlı olması ilə əlaqələndirib bu uğurda canından keçmiş şəhidlərimizin ruhuna rəhmət diləyib.

Türkiyə Respublikasının ABŞ-dəki Səfirliyinin müvəqqəti işlər vəkili Diğdem Buner türklərin də bu kədəri azərbaycanlılarla birlikdə hiss etdiklərini və bölüşdüklərini bildirib. Atatürkün məşhur sözlərinə istinadən edən xanım Buner Azərbaycanın sevincinin Türkiyənin sevinci, Azərbaycanın kədərinin Türkiyənin kədəri olduğunu vurğulayıb. Xanım Buner keçmişi unutmadan və bağışlamadan, gələcəyə ümidlə baxmağın faydalı olacağına, bu gün ərazi bütövlüyünü təmin etmiş Azərbaycan və regionda davamlı sülhün bərqərar olması üçün bir imkan yarandığına inandığını qeyd edib. O, Azərbaycanın nə zaman ehtiyacı olarsa Türkiyənin hər zaman onun yanında olacağını vurğulayıb.

Tədbirdə, həmçinin, “Müharibə uşaqları” filmin rejissoru Şamil Nəcəfzadə çıxış edərək, filminin qəhrəmanları olan birinci Qarabağ müharibəsinin qurbanlarının talelərindən danışıb.

Anım mərasiminin rəsmi hissəsinin yekununda “Xocalı nişanəsi” bədii-sənədli qısametrajlı film nümayiş etdirilib.

Tədbirin mədəni hissəsində ömrünün böyük bir hissəsini Azərbaycan mədəniyyətinin və musiqisinin təbliğinə həsr etmiş Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və kamançada həzin Azərbaycan musiqilərini ifa edib.

Tədbirin yekununda Xocalıda şəhid olmuş vətəndaşlımızın əziz xatirəsini anmaq üçün ehsan süfrəsi açılıb.

Arxiv üzrə axtarış