Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində “Hudson” İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib.
Tədbir Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sazişə və regionda baş verən son proseslərə həsr olunub. Konfransda ABŞ-nin aparıcı ekspertləri və rəsmi şəxsləri iştirak ediblər.
Konfrans çərçivəsində “Hudson” İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doranın moderatorluğu ilə “Ermənistan-Azərbaycan sülhünün regional təsirləri” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə Xəzər Siyasət Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti, Amerika Xarici Siyasət Şurasının baş vitse-prezidenti İlan Berman və “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi çıxış ediblər.
Daha sonra ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns konfransda iştirakçılarına müraciət edib.
Tədbir Mayk Doran və Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahimin iştirakı ilə “ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda ikinci panel müzakirəsi ilə yekunlaşıb.