Mədəniyyət, təhsil və humanitar əlaqələr

Azərbaycan mədəniyyəti və musiqisi ABŞ-da bir sıra tədbirlərdə təqdim olunaraq, milli irsimizin zənginliyini və müxtəlifliyini nümayiş etdirib.

2002-ci ildə Azərbaycan Ədalət Nəsibovun rəhbərlik etdiyi musiqi qrupunun konsert proqramı ilə 36-cı İpək Yolu Festivalında təmsil olunub.

2012-ci ilin iyulunda Vaşinqtondakı Smitsonian Festivalı çərçivəsində Qarabağ Fondu ilə birgə ərsəyə gətirilmiş Azərbaycan mətbəxi stendində amerikanlar Azərbaycan mətbəxi ilə tanış ediliblər.

2018-ci ilin martında xalq artisti Alim QasımovFərqanə Qasımova tərəfindən böyük Azərbaycan şairi Nizami Gəncəvinin poemasına əsaslanan “Leyli və Məcnun” operası Kennedi Mərkəzində təqdim olunub.

2018-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə milli rəqslərimiz Tomas Cefferson memorialı, Vaşinqton abidəsi, Linkoln memorialı və Ağ Ev daxil olmaqla, Vaşinqtonun simvolik yerlərində nümayiş olunub.

Son illərdə, həmçinin mədəni tədbirlər davam edib. 2021-ci ilin oktyabrında Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə konsert, 2025-ci ilin oktyabrında isə Azərbaycanın ənənəvi ipək sənəti kəlağayı mövzusunda tədbir keçirilib, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından tarixi və müasir kəlağayılar, ənənəvi materiallar və istehsal avadanlıqları nümayiş olunub.

Mədəni diplomatiya ilə paralel olaraq, Azərbaycan və ABŞ arasında təhsil sahəsində əməkdaşlıq da inkişaf edib. 31 yanvar 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Corc Vaşinqton Universiteti arasında təhsil idarəçiliyi üzrə ikili diplom proqramının əsasının qoyulması ilə bağlı müqavilə imzalanıb.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti