Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq

Azərbaycan və ABŞ arasında müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri, siyasi münasibətlər üçün təkanverici amil və dəstək proqramları vasitəsilə Azərbaycanın aidiyyəti qurumlarının qabiliyyətlərinin inkişafı üçün əlavə zəmindir.

31 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə gələcək münasibətlərə dair Birgə Bəyanat” və 30 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə əməkdaşlığa dair Birgə Bəyanat” ikitərəfli hərbi əlaqələrin inkişafına təkan verib.

ABŞ tərəfi 2002-ci ildən etibarən Azərbaycana təhlükəsizlik sahəsində dəstək verir. Yardımlar Xarici Hərbi Maliyyələşmə Proqramı (Foreign Military Financing Program – FMF), Beynəlxalq Hərbi Təhsil və Təlim (International Military Education and Training – IMET), 2018-ci ildən etibarən Müdafiə Departamentinin “333-cü bölməsi” çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı və digər proqramlar üzrə həyata keçirilir.

Əfqanıstan üzrə əməkdaşlıq: Azərbaycanın terrorizmə qarşı fəaliyyətə töhfələri, NATO-nun Əfqanıstandakı əməliyyatlarında iştirakı, bu əməliyyatlara dəstək məqsədilə tranzit imkanlarını yaratması bu əməkdaşlığın mühüm tərkib hissəsidir. “Silkway” şirkətinin ABŞ-ın Nəqliyyat Komandanlığı ilə əməkdaşlığı və daşımalarda iştirak etməsi də əməkdaşlığa əhəmiyyətli töhfə verib. Azərbaycanın Əfqanıstandakı sülhməramlıları NATO tərəfdaşları arasında ən son olaraq Əfqanıstanı tərk edərək və Kabul beynəlxalq hava limanında təxliyyə işlərində əhəmiyyətli rol oynayıb.

Oklahoma Milli Qvardiyası ilə əməkdaşlıq: 2003-cü ildən Oklahoma Milli Qvardiyası (OMQ) ilə Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində ölkəmizin aidiyyəti qurumları ilə dialoq aparılır və praktik layihələr həyata keçirilir. Tərəfdaşlığının prioritetləri NATO qüvvələri ilə uyarlılığın artırılması, fövqəladə halların aradan qaldırılması, tibbi imkanların genişləndirilməsi, kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi və müvafiq tədbirlərin keçirilməsidir.

ABŞ Müdafiə Departamenti ilə İkitərəfli Müdafiə Məsləhətləşmələri: İkitərəfli Müdafiə Məsləhətləşmələri dialoqun və praktiki əməkdaşlığın əlaqələndirilməsi üçün yaradılmış formatdır və onun iclasları növbəlilik əsasında Bakıda və Vaşinqtonda keçirilir.

ABŞ-la sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində, eləcə də ABŞ-ın Müdafiə Nazirliyinin Təhdidlərin Birgə Azaldılması proqramı və NATO Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı üzrə əməkdaşlıq məsələləri xüsusi yer tutur.

8 avqust 2025-ci il tarixli Anlaşma Memorandumundan sonra müdafiə və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi nəzərdə tutulur.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti