Dövlət rəmzləri

Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış:

 

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

 

 

Dövlət bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və 7 dekabr 2018-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı Parlamentin binası üzərində qaldırılmışdır. 

 

Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

“Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”

 

1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmız, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

 

Azərbaycan Xalq Xümhuriyyatinin Rəyasət Heyətinin sədri M.Ə.Rəsulzadə:

"Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". 

 

Azərbaycan Respublikasının dövlət himninin müəl­li­fi Üzeyir Hacıbəyli

“Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur."

 

 

Dövlət gerbi

 

Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır.

 

Azərbaycanın Dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət gerbi haqqında qərarın qəbul edilməsi mümkün olmayıb.

 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunub və 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilib.

 

2 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan rspublikasının Konstitusiya Qanunu”nundan çıxarış:

 

Maddə 1. Ümumi təsvir

1.1. Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir.

1.2. Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

 

 

Azərbaycan Respublikasının Dövlət Himni

 

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olundu. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

 

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib olunmuş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

 

Musiqisi: Üzeyir Hacıbəyli 

Sözləri: Əhməd Cavad

 

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

Azərbaycan, Azərbaycan!



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti