Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır, regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılmışdır (14 milyard ABŞ dollarından çox). Azərbaycanın Dövlət Neft Fondu ABŞ-ın maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına təxminən 7,6 milyard ABŞ dolları sərmayə yatırmışdır; Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçmişdir.
İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər 1993-cü ildə imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında ticarət münasibətləri haqqında saziş və Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında 1997-ci il müqaviləsidir.
Son 3 ildə ABŞ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi (milyon ABŞ dolları):
İl |
Idxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2018 |
527,2 |
331,5 |
858,7 |
-195.7 |
2019 |
767,8 |
24,1 |
791,9 |
-743,7 |
2020 |
635,9 |
24,9 |
660.8 |
-611 |
2020-2021-ci illərin ilk yarısında ticarət dövriyyəsinin həcmi (milyon ABŞ dolları):
İl, rüb |
Idxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2020, ilk yarısı |
406,3 |
8,3 |
414,6 |
-398 |
2021, ilk yarısı |
229,9 |
30,3 |
260,2 |
-199,6 |
Azərbaycandan ABŞ-a əsas ixrac məhsulları: təqvim ilindən asılı olaraq əsas yeri xam neft və başqa yanacaq məhsulları tutur. Digər ixrac olunan mallar: təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları, radio və radar avadanlıqlar və s.
Azərbaycanın ABŞ-dan idxal etdiyi məhsullar: qiymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələr və s.
Biznes, sərmayələr və sərmayə azadlığı sahələrində artan reytinqi nəticəsində ABŞ-ın “Heritage” Fondunun bu ilki siyahısında Azərbaycan 2020-ci il ilə müqayisədə 6 pillə irəliləmiş və əsasən azad ölkələr sırasında qərarlaşmışdır (186 ölkə içərisində 38-ci, Avropada 45 ölkə içərisində 23-cü pillədədir). Hesabatda, indeksin 1996-cı ilki ilk nəşrindən Azərbaycan iqtisadi azadlıqda böyük irəliləyişlər əldə edərək, tam azad ölkələr sırasına qoşulmaq ərəfəsində olduğu bildirilir.
Dövlət Departamentinin 2020 və 2021-ci illər üzrə “İnvestisiya Mühiti Hesabatları”nda (Investment Climate Statements) Azərbaycanda ümumi sərmayə mühitinin çətinliklərə baxmayaraq, yaxşılaşmaqda davam etdiyi, Hökumət tərəfindən xarici birbaşa sərmayələrin cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə islahatlar qeyd olunur.
Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası 2007-ci ildə təsis edilmişdir. Həmsədrlər Maliyyə naziri Samir Şərifov və Dövlət katibinin köməkçisinin iqtisadiyyat və biznes məsələləri üzrə birinci müavini Piter Haasdır. Komissiyanın 4 iclası keçirilib (I iclası 2007 (Bakı), II iclası 2008 (Vaşinqton), III iclası 2012 (Vaşinqton), IV iclası 2019 (Bakı)). 5-ci iclasa hazırlıq işləri aparılsa da, pandemiya ilə əlaqədar keçirilməsi təxirə salınmışdır.
Azərbaycanla ABŞ arasında enerji sahəsində 1994-cü ildə Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək ilə davam etmişdir. 14 sentyabr 2017-ci il Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində Şevron və Ekson şirkətləri yer almışdır.
ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini dəstəkləmişdir. ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiq olduğunu və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəklədiyini dəfələrlə bildirmişdir.
2017-ci ildə “Azərbaycan Hava Yolları” və “Silk Way Airlines” ilə Boeing arasında təyyarələrin alınmasına dair ümumilikdə 3 milyard ABŞ dolları dəyərində, 2021-ci ilin aprel ayında “Silk Way West Airlines” ilə Boeing arasında 5 ədəd Boeing 777F tipli karqo təyyarəsinin alınması barədə sazişlər imzalanmışdır. Azərbaycanın ilk peyki “Azerspace-1”-in istehsalı, dizaynı və 2013-cü ildə orbitə buraxılması ilə əlaqədar ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti ilə əməkdaşlıq edilmiş və “Azerspace-2” peykinin 2018-ci ildə orbitə buraxılması çərçivəsində peyki hazırlayan “Space Systems/Loral LLC” şirkəti ilə əməkdaşlıq qurulmuşdur.
4-5 aprel 2019-cu il tarixində Çikaqodakı 1-ci İlinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunda və 6-8 noyabr 2019-cu ildə Oklahomadakı “Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu” nda Nazir İ.Kərimov iştirak etmişdir. Oklahoma ilə bərpa olunan enerji mənbələrindən istifadə, taxılçılıq və maldarlıqda əlavə əməkdaşlıq imkanları nəzərdən keçirilir. 2021-ci ilin 25-31 iyul tarixlərində Oklahoma qubernatorunun Azərbaycana səfər zamanı rəsmi görüşlər ilə yanaşı Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanmışdır.
1995-ci ildə təsis olunan ABŞ-Azərbaycan Ticarət Palatası uzunmüddətli biznes əlaqələri qurmaq istəyən ABŞ və Azərbaycan sahibkarları və biznesləri üçün mühüm resurs olmuş, ticarət missiyaları və konfranslar, hökumət və biznes liderlərinin tərəfdaşlığı üçün platformadır.
2016-cı ildən ABŞ və Azərbaycan dövlət qurumlarının iştirakı ilə keçirilən illik Trans-Xəzər forumu ABŞ, Azərbaycan və Transxəzər ölkələri arasındakı strateji tərəfdaşlıq münasibətlərini müzakirə edir.