Siyasi əlaqələr

25 dekabr 1991-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasının müstəqilliyini tanıması ilə iki ölkə arasında ortaq strateji maraqlara əsaslanan tərəfdaşlığın təməli qoyuldu. 28 fevral 1992-ci ildə diplomatik əlaqələrin qurulması ilə iki ölkə siyasi və iqtisadi əməkdaşlığı, xüsusilə regional enerji təhlükəsizliyi sahəsində inkişaf etdirməyə başladı. bu dövrdə Azərbaycanın Xəzər bölgəsində önəmli enerji təminatçısı kimi rolunun artması ikitərəfli əməkdaşlığın əsasında dururdu.

6 mart 1992-ci ildən etibarən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin fəaliyyətə başlaması ikitərəfli tərəfdaşlığın ilkin institusional təməlini təşkil edir. 26 iyul 2021-ci il tarixli prezident sərəncamına əsasən, Xəzər İbrahim Azərbaycan Respublikasının ABŞ-dakı səfiri təyin olunub.

16 mart 1992-ci ildə ABŞ tərəfi, həmçinin Azərbaycanda diplomatik nümayəndəliyini təsis edərək, Bakıdakı ABŞ Səfirliyinin fəaliyyətinə başlayıb. Hazırda səfirliyin müvəqqəti işlər vəkili Emi Karlondur.

9 avqust 2005-ci il tarixində Azərbaycanın Los Ancelesdəki baş konsulluğu fəaliyyətə başlayaraq, Azərbaycanın ABŞ-dakı diplomatik təmsilçiliyini daha da genişləndirdi. 18 noyabr 2024-cü il tarixli prezident sərəncamına əsasən, Vüqar Qurbanov ölkəmizin Los Ancelesdə baş konsulu təyin edilib.

Bu günədək ölkələrimiz arasında müxtəlif sahələrdə 86 ikitərəfli sənəd imzalamışdır.

Azərbaycan-ABŞ parlamentlərarası əməkdaşlığı da institusional səviyyədə təmin olunub. 1997-ci ildən etibarən Milli Məclisdə Azərbaycan–ABŞ parlamentlərarası əlaqələri üzrə işçi qrupu fəaliyyət göstərir və hazırda işçi qrupuna Səməd Seyidov rəhbərlik edir. Sözügedən işçi qrupu ABŞ Konqresində 2004-cü ildən fəaliyyət göstərən, Stiv Kohen (D) və Robert Aderholtun (R) rəhbərlik etdiyi Azərbaycan üzrə işçi qrupu ilə tamamlanır.

1993-cü ildən etibarən ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin davamlı göstəricisi olub. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə baş tutan səfəri ABŞ-a ilk ali səviyyəli səfər hesab edilir. İndiyədək son ali səviyyəli səfər isə 22–27 sentyabr 2025-ci il tarixlərində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri olub.

Ölkəmizin müstəqillik illərinin ilk dövrlərindən başlayaraq, Ümummilli Lider Heydər Əliyevin ABŞ-a 1990-cı illər və 2000-ci illərin əvvəllərindəki səfərləri ABŞ ilə davamlı və strateji tərəfdaşlığın əsasını qoydu.

Bu möhkəm təmələ əsaslanaraq, Prezident İlham Əliyevin  dövründə ikitərəfli əlaqələrimiz daha dinamik və strateji səviyyəyə yüksəldi. Bu inkişaf özünü ən aydın şəkildə 7–8 avqust 2025-ci il tarixində Prezident Donald Trampın dəvəti ilə ABŞ-a həyata keçirilən işgüzar səfərdə göstərdi. Səfər xüsusi diplomatik əhəmiyyət daşıyırdı. Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu ilə yanaşı, Prezident Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan tərəfindən Birgə Bəyannamə imzalandı. Bu Bəyannamə regional sülh, təhlükəsizlik və əlaqəlilik məsələlərində vacib qərarları müəyyən edərək Cənubi Qafqazın geosiyasi mühitinin yenidən formalaşmasında mühüm addım hesab edilir.

Son illərdə baş tutan nazir və digər yüksək səviyyəli səfər və intensiv görüşlər, ali səviyyədə qurulmuş ikitərəfli dinamikanın daha da gücləndirilməsinə xidmət edir. Bu xüsusda, xarici işlər naziri Ceyhun Bayramov 2021-2025-ci illərin sentyabr aylarında çoxtərəfli əsasda, eləcə də 2023-cü ilin may və iyun ayları, 2024-cü ilin iyul ayında yüksək səviyyəli fikir mübadilələri, regional təhlükəsizlik və Azərbaycan–Ermənistan sülh prosesinə dair danışıqların aparılması məqsədilə ABŞ-a səfərlər edib.

2022-ci ilin sentyabr, 2024-cü ilin may və 2025-ci ilin sentyabr aylarında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, 2024-cü ilin iyul ayında isə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-a səfərləri baş tutub.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti