Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Vaşinqtonda türkdilli xalqların nümayəndələri ilə birgə qeyd olunub
Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi qəbul keçirilib.
Tədbirdə Azərbaycanın ABŞ-dəki Səfirliyi ilə yanaşı, ABŞ-də akkreditə olunmuş digər türkdilli ölkələrin diplomatları, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, eləcə də Azərbaycan və digər türk icmalarının nümayəndələri iştirak ediblər.
Qəbul Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim builki tədbirin türk dünyasının təmsilçiləri ilə birgə xüsusi formatda təşkil olunduğunu bildirib. O, Azərbaycanın bu il Türk Dövlətləri Təşkilatına sədrlik etdiyini vurğulayaraq Prezident İlham Əliyevin bu təşkilatı Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini diqqətə çatdırıb. Səfir qardaş türk dövlətlərinin nümayəndələrini bir araya toplamaqdan qürur duyduğunu qeyd edib.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev də çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu bildirib. O, bu il ilk dəfə dekabrın 15-nin UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunduğunu xatırladaraq bunun türk mədəniyyəti üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Baş katib türk dünyasının birlikdə daha güclü olduğunu bəyan edib.
Tədbirin sonunda musiqiçi Tereza Elizarovanın ifasında Azərbaycan və digər türkdilli ölkələrin milli musiqiləri səsləndirilib. Qonaqlara həmçinin Azərbaycan mətbəxinin milli təamları təqdim olunub.