news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 iyun 2025

Azərbaycanın Müstəqillik Günü ABŞ-də qeyd edilib

ABŞ-dəki azərbaycanlı icmanın iştirakı ilə Vaşinqton şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib.

 

Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkil etdiyi tədbirdə ABŞ-nin müxtəlif ştatlarından 200-ə yaxın icma üzvü və xarici qonaqlar iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, ABŞ-də yaşayan azərbaycanlı icması çox fəaldır və hər zaman bir-birinin yanındadırlar. O, Səfirliyin də hər zaman onların yanında olduğunu deyib. Səfir ABŞ - Azərbaycan münasibətlərinin də inkişaf etdiyini deyərək, bunun Azərbaycan diplomatiyasının uğuru olduğunu diqqətə çatdırıb. O, eyni zamanda, icmanın bir çox istiqamətlərdə gördüyü uğurlu işləri qeyd edib. Səfir, həmçinin ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayının daha da artdığını vurğulayıb. Diplomat icma üzvlərinin amerikalı dostları və ailələrinin də tədbirə qatıldığını deyərək, onların Azərbaycanın inkişafının, dövlətçilik ənənələrinin, mədəniyyətinin şahidi olduqlarını vurğulayıb.

 

Daha sonra tədbirdə azərbaycanlı uşaqlar Rəşid Behbudovun “Azərbaycan” mahnısını ifa ediblər. Daha sonra Azərbaycanın milli musiqilərinin səsləndirildiyi konsert proqramı təşkil olunub.

 

Tədbir icma üzvlərinin birgə “Yallı” rəqsi ifa etməsi ilə yekunlaşıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti