Azərbaycanın ABŞ-dəki Səfirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın ABŞ-dəki Səfirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan diasporunun nümayəndələri və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Xəzər İbrahim bildirib ki, şəhidlərin qanı vətənimizin zəfərinə aparan yolu açıb və hər bir azərbaycanlı onlara əbədi minnətdardır. O vurğulayıb ki, Azərbaycan zəfəri yalnız döyüş meydanında deyil, eyni zamanda danışıqlar masasında da qazanıb. Səfir qeyd edib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həm hərbi zəfəri, həm də sülhü qazanıb.
“Bu gün biz qürurla deyirik ki, yalnız bölgəmizdə deyil, həm də dünyada qalib bir xalq, qalib bir millətik. Gənclərimizin üzərinə düşən məsuliyyət odur ki, belə zəfərlərimiz çoxalsın. Mən əminəm ki, birlikdə buna nail olacağıq”, - deyə səfir Xəzər İbrahim bildirib.
Tədbirin sonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.