news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 mart 2026

ABŞ-də azərbaycanlı icması Novruz bayramını qeyd edib

Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə Merilend ştatında Novruz bayramı münasibətilə ABŞ-də yaşayan azərbaycanlı icması üçün bayram tədbiri təşkil olunub.

Tədbirdə bu ölkədə yaşayan azərbaycanlı icmasının üzvləri, xarici qonaqlar və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən Səfirliyin müşaviri Vüsalə Mehdiyeva Novruz bayramının Azərbaycan xalqının ən qədim və gözəl ənənələrindən biri olduğunu qeyd edib. O bildirib ki, bu bayramın ABŞ-də yaşayan azərbaycanlı icmasının bir araya gəlməsi baxımından xüsusi əhəmiyyəti var. V.Mehdiyeva vurğulayıb ki, belə tədbirlər milli-mənəvi dəyərlərin qorunması, icma daxilində həmrəyliyin gücləndirilməsi və Azərbaycan mədəniyyətinin tanıdılması baxımından mühüm rol oynayır.

Müşavir xüsusilə uşaqların və gənclərin bu tədbirdə iştirak etməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, onların milli ənənələr və mədəni irs ilə böyüməsi gələcək nəsillərə bu dəyərlərin ötürülməsi baxımından vacibdir. O, iştirakçıları Səfirlik adından Novruz bayramı münasibətilə təbrik edərək hər kəsə xoş bayram arzularını çatdırıb.

Tədbirin bədii hissəsində azərbaycanlı azyaşlılar tərəfindən “Nəlbəki”, “Uzundərə”, “Bizim Vətən” və “Yallı” rəqsləri ifa olunub.

Bununla yanaşı, gənc ifaçılar pianoda “Aman ayrılıq”, “Sarı gəlin”, “Qubanın ağ alması”, “İntizar”, “Nazəndə sevgilim”, “Çırpınırdı Qara dəniz” və “Ay Laçın” musiqilərini səsləndiriblər.

Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti