Azərbaycanla ABŞ arasında tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq tarixçəsinə əsaslanır.
ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Los Anceles şəhərində Baş Konsulluğu 9 avqust 2005-ci il tarixində təsis olunmuşdur. 2010-cu ildən isə Azərbaycanın Yeni Meksika ştatının Santa Fe şəhərində fəxri konsuluğu mövcuddur.
Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2021-ci il tarixli sərəncamı ilə Xəzər İbrahim Azərbaycanın ABŞ-dakı səfiri təyin olunub. 12 mart 2019-cu il tarixindən isə ABŞ-ın Azərbaycandakı səfiri Örl (Li) Litzenberqerdir.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 86 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir. 21 üzvü olan qrupun rəhbəri Səməd Seyidovdur. ABŞ Konqresində 24 mart 2004-cü ildən fəaliyyət göstərən 38 üzvü olan Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Stiv Koen, Stiv Şabot, Henri Kueyar və Robert Aderholtdur.
1993-cü ildən etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində səfərlər və görüşlər baş tutmuşdur. ABŞ-a ilk rəsmi səfər 1997-ci ldə Prezident Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Sonuncu dəfə, 2016-cı ilin 30 mart – 1 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri baş tutmuşdur.
2021-ci ilin 20-26 sentyabr tarixlərində BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək məqsədilə xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-da səfəri həyata keçirilmişdir. Daha əvvəl, 2020-ci ilin 22-25 oktyabr tarixlərində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri baş tutmuşdur.