Azərbaycan və ABŞ arasındakı iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın vacib komponentlərindən birini təşkil edir, xüsusilə enerji və ticarət sahələrində ortaq strateji maraqlara əsaslanır. Bu əməkdaşlıq Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci ildən başlayaraq ABŞ şirkətlərinin ölkənin neft-qaz sektorunun inkişafında əhəmiyyətli rol oynaması ilə gücləndi. Zaman keçdikcə isə bu münasibətlər müxtəlif sahələr üzrə gənişlənməyə davam etdi.
Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və ABŞ Azərbaycanda ikinci ən böyük investor olaraq çıxış edir. Ümumilikdə, Azərbaycanda 250-dən çox ABŞ sərmayəsi ilə fəaliyyət göstərən şirkət qeydiyyatdan keçib.
Əsas ticarət və sərmayə sazişləri arasında 1993-cü il Ticarət Əlaqələri haqqında Saziş və 1997-ci il Qarşılıqlı Sərmayələrin Qorunması və Təşviqi haqqında Saziş xüsusi yer tutur.
2007-ci ildə yaradılmış Azərbaycan–ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası Bakıda, o cümlədən Vaşinqtonda keçirilən görüşləri ilə iqtisadi münasibətlərin institusional əsaslarını gücləndirib.
Ticarət dövriyyəsi (milyon ABŞ dollar ilə):
|
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
|
2022 |
479.8 |
90.3 |
570.1 |
|
2023 |
888.1 |
16.0 |
904.1 |
|
2024 |
1617.93 |
135.03 |
1752.96 |
Azərbaycanın ABŞ-a əsas ixrac məhsullarına xam neft, təbii meyvə şirələri, mürəbbələr, xalçalar, tekstil məhsulları, dərman və ətir istehsalı üçün bitkilər, şərab məhsulları, avadanlıqlar və mexaniki cihazlar, kimyəvi məhsullar, radio və radar avadanlıqları daxildir.
Azərbaycan isə ABŞ-dan maşın və avadanlıq, mülki təyyarələr, mühərrik və ehtiyat hissələr, avtomobillər, dərman vasitələri, tibbi avadanlıqlar, kimyəvi və istehlak malları, enerji məhsulları idxal edir.
Azərbaycanın ilk “Azerspace-1” peykinin hazırlanması, dizayn və buraxılışı üzrə ABŞ-ın “Orbit Elmləri Korporasiyası” ilə, həmçinin 2018-ci ildə “Azerspace-2” peykinin buraxılışı çərçivəsində “Space Systems/Loral” LLC ilə əməkdaşlıq qurulub.
ABŞ–Azərbaycan Ticarət Palatası və Azərbaycandakı Amerika Ticarət Palatası kimi təşkilatlar uzunmüddətli biznes əlaqələrinin qurulması, ticarət missiyaları, konfranslar və dövlət-biznes əməkdaşlığının təşviqi üçün vacib platforma rolunu oynayır.
Enerji əməkdaşlığı ikitərəfli münasibətlərin əsas sütunlarından biridir. ABŞ şirkətlərinin “Əsrin müqaviləsi”ndə iştirakı və Cənub Qaz Dəhlizinə dəstək göstərməsi ABŞ-ın Azərbaycanın regional və Avropa enerji təhlükəsizliyində roluna verdiyi əhəmiyyəti nümayiş etdirir. Hasilatın pay bölgüsü sazişlərinin uzadılması və ABŞ şirkətlərinin Azərbaycan enerji təşəbbüslərində, o cümlədən Azəri–Çıraq–Günəşli yataqlarında layihələrində iştirakı bu strateji tərəfdaşlığı davam etdirir.
8 avqust 2025-ci il tarixli Anlaşma Memorandumunun imzalanmasından sonra, Azərbaycan-ABŞ iqtisadi münasibətləri strateji investisiya və regional əlaqələr üzrə yeni dinamika qazanmışdır. Əməkdaşlıq enerji, ticarət və tranzit istiqamətlərini, eləcə də enerji investisiyaları və regional infrastruktur layihələrini, həmçinin süni intellekt və rəqəmsal infrastruktur sahələrini əhatə edir.