Vaşinqtonda Azərbaycan kəlağayılarına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Amerika Universitetinin Katzen İncəsənət Mərkəzində Azərbaycanın ənənəvi kəlağayı sənətinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş on tarixi və müasir kəlağayı, onların hazırlanmasında istifadə olunan ənənəvi naxışlı çap lövhələri, xam ipək materiallar və sap nümunələri ziyarətçilərin nəzərinə təqdim olunub. Proqramda, həmçinin, kəlağayı sənətinə dair hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib və bu mövzuya həsr edilmiş nəşrin təqdimatı keçirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, təxminən 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdə ölkəmiz haqqında dünyada çox az adam məlumatlı idi, bu gün isə Azərbaycan bir sıra qlobal proseslərin mərkəzində dayanır. Səfir vurğulayıb ki, Azərbaycanın müstəqilliyi, kəlağayısı və xalqımızın malik olduğu bütün sərvətlər bir-biri ilə sıx bağlıdır.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxışında qeyd edib ki, 2014-cü ildə kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsi Siyahısına daxil edilib. O bildirib ki, kəlağayı yalnız qadınların qarderobunda olan gözəl bir aksesuar və ya tətbiqi sənət nümunəsi deyil, xalqımızın dərin fəlsəfəsini və milli yaddaşını əks etdirən “yaddaş qoruyucusudur”. Ə. Məlikova əlavə edib ki, ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası Vaşinqtonda bu tədbirdə nümayiş olunur. O, 18-ci əsrin sonu, 19-cu və 20-ci əsrin əvvəllərinə aid nadir ənənəvi kəlağayı nümunələrinin sərgiləndiyini vurğulayıb.
Tədbirdə çıxış edən amerikalı alim Pol Teylor isə kəlağayının Azərbaycan və onun milli kimliyi üçün böyük əhəmiyyət daşıdığını deyib. O qeyd edib ki, 1991-ci ildən sonra bu sənətin əhəmiyyəti daha da artıb, kəlağayının rəmz və motivləri isə müasir incəsənətdə müxtəlif formalarda tədqiq olunur. Alim vurğulayıb ki, ingilisdilli dünyada bu mədəni irs barədə hələ də kifayət qədər məlumat yoxdur və məhz bu səbəbdən o, “Hali” jurnalında kəlağayı haqqında məqalə yazaraq bu sənətin daha geniş auditoriyaya tanıdılmasına töhfə vermək istəyib.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar Artisti, pianoçu Nərgiz Əliyarova solo konsert proqramı ilə çıxış edib. Konsertdə Üzeyir Hacıbəylinin “Cəngi”, Lala Cəfərovanın Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzuları əsasında bəstələdiyi “Fantaziya”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Ayişənin rəqsi”, “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Faiq Sücəddinovun “Vətən balladası”, həmçinin sevilən Azərbaycanın xalq mahnısı “Sarı gəlin” səsləndirilib.