news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 yanvar 2021

Vaşinqtonda “20 Yanvar” şəhidlərinin əziz xatirəsi anılıb

22 yanvar tarixində Azərbaycanın ABŞ-dakı Səfirliyində “20 Yanvar”ın 31-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirə ABŞ-da yaşayan azərbaycanlı fəallar və səfirliyin əməkdaşları qatılmışdır.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Respublikanın ölkədəki səfiri Elin Süleymanov çıxış edərək, ilk dəfədir ki, tariximizin bu gününün qalib dövlət kimi qeyd edildiyini xüsusilə diqqətə çatdırdı. Səfir “20 Yanvar”ın ölkəmizin müstəqilliyinin əldə edilməsi yolunda müstəsna əhəmiyyət daşıdığını vurğuladı. Azərbaycanlıların etnik və dini mənsubiyyətindən asılı olmayaraq, müstəqillik və azadlıq uğrunda mübarizə apardıqlarını və öz canları bahasına müstəqilliyə nail olduqlarını diqqətə çatdırdı. Azərbaycanda bir çox insanın bu hadisələr zamanı dost və yaxınlarını itirdiyi, “20 yanvar” şəhidləri arasında olan Tariyel Abdullayevin səfirlik əməkdaşlarından biri ilə yaxın qohumluq münasibətlərinə malik olduğunu bildirdi.

“20 Yanvar” hadisələrinin xalqımıza qarşı cinayət olduğunu, çoxsaylı günahsız dinc insanın qətlə yetirilməsinin Azərbaycan xalqını qorxutmadığını, müstəqillik iradəsini daha da möhkəmləndirdiyini vurğuladı. Səfir faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin 21 yanvar tarixində Moskvada mətbuat konfransı keçirərək Sovet İttifaqı rəhbərliyini ciddi tənqid etdiyini, bu faciəni törədənlərin cəzalandırılmasını tələb etməsini xatırladı və Moskvada tələbə olarkən keçirilmiş sözügedən tədbirin iştirakçıları arasında olduğunu qeyd etdi. Ulu Öndərin bu çıxışının millətimizin birliyinin formalaşmasında əhəmiyyətli rola malik olduğunu, bu birliyin ölkəmizin Prezidenti və Ali Baş Komandanın rəhbərliyi altında ötən ilin iyul ayında və 44 günlük Vətən Müharibəsi zamanı bir daha nümayiş etdirildiyini vurğuladı. İyul döyüşlərində general Polad Həşimovun və digər şəhidlərimizin bu birliyin möhkəmlənməsinə xidmət etdiklərini diqqətə çatdırdı və bütün şəhidlərimizin əziz xatirəsini yad etdi. Vətən Müharibəsində Ali Baş Komandanın əmri ilə ərazi bütövlüyünün təmin olunması istiqamətində səylərin bütün dünyaya nümunə olduğunu bildirdi.

Daha sonra, tədbirə natiq kimi dəvət edilmiş ABŞ-da Azərbaycan diasporunun fəal və tanınmış nümayəndəsi Həbib Azərsina “20 Yanvar”ın Amerikada işiqlandırılması səylərindən və Amerikada yaşayan azərbaycanlıların o dövrki fəaliyyətlərindən danışdı. Həbib Azərsina o zaman Amerika mətbuatında Sovet İttifaqında gedən proseslərin böyük diqqətlə izləndiyini bildirdi. O, ABŞ-da o zaman hələ yaxşı təşkilatlanmamış azərbaycanlıların “20 Yanvar” faciəsinə etiraz əlaməti olaraq Vaşinqtonda Sovet İttifaqının Səfirliyi qarşısında keçirdiyi yürüş haqda da məlumat verdi. Həbib Azərsina bildirdi ki, “20 Yanvar” hadisələri bütün dünyada, o cümlədən, ABŞ-da azərbaycanlıları birləşdirən bir amil oldu və hadisələrin gedişi Sovet İttifaqının süqutuna gətirib çıxardı.

Tədbirdə, həmçinin səfirliyin müşaviri Ayxan Hacızadə çıxış edərək, “20 Yanvar”ın nəinki ölkəmizin müstəqillik uğrunda mübarizəsinə, habelə digər keçmiş Baltikyanı və digər Sovet İttifaqı ölkələrində milli hərəkatlara təkan verdiyini və SSRİ-nin süqutuna gətirib çıxardığını, bu hadisələrin tarixi əhəmiyyətə malik olduğunu, habelə Azərbaycanlıların əzmkarlıq göstərdiyini vurğuladı. “20 Yanvar”ın Azərbaycanda və regionumuzda yeni başlanğıcın təməlini qoyduğunu, Vətən Müharibəsində millətimizin öz şücaətini bir daha nümayiş etdirdiyini bildirdi.

Sonda, icma üzvlərindən Gündüz Tahirli söz götürərək “20 yanvar” hadisələrində və 44 günlük Vətən Müharibəsində canlarını qurban vermiş şəhidlərimizi müqayisə edərək, onların müstəqilliyimizin dayağı olduqlarını diqqətə çatdırdı.

Tədbirdə şəhidlərimiz bir dəqiqə sükutla yad edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti