news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2025

Corc Vaşinqton Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ölkəmizin ABŞ-dəki Səfirliyi və Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiyasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə ABŞ-nin yerli ictimaiyyəti və azərbaycanlı icmasının üzvləri, bu ölkədə təhsil alan xarici və azərbaycanlı tələbələr, o cümlədən ABŞ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri iştirak edib.

Anım tədbiri Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.

Tədbirin açılış nitqini edən Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiyasiyasının Prezidenti Humay Sadiq ailə üzvlərinin ölkəmizin Qarabağ regionundan olmasını qeyd edərək, ailəsinin məcburi köçkün olduğu zamanlarda yaşadığı çətinliklərdən xatirələrini bölüşüb. H.Sadiq Xocalı soyqırımı zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyərək, daha sülh və əmin-amanlıq dolu bir gələcəyə ümid etdiyini ifadə edib. 

Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim Xocalı soyqırımı qurbanlarının etnik və dini mənsubiyyətlərinə görə həyatlarını itirdiklərini, Azərbaycan irsinin Qarabağ regionundan tamamilə silinməsi məqsədilə bu faciənin törədildiyini qeyd edib. Səfir Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsinin hər kəsin borcu olduğunu, lakin bunun kifayət etməyini bildirərək, davamlı olaraq Xocalı soyqırımını inkar edənlərə müqavimət göstərməli olduğumuzu vurğulayıb. Səfir həmçinin, Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, eləcə də öz torpaqlarını işğaldan azad etdiyini vurğulayıb. Azərbaycanın nəinki öz ərazi bütövlüyünü bərpa etdiyini, o cümlədən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, milli ləyaqətimizi bərpa etdiyimizi vurğulayaraq, günahkarların ən qısa zamanda məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib.

Tədbirdə daha sonra Xocalı soyqırımı hadisələrindən bəhs edən məlumatlandırıcı video-çarx nümayiş edilib.

Daha sonra amerikalı kamança ustası, Amerikanın Muğam Cəmiyyətinin sədri Cefri Verbok ölkəmizin və Azərbaycan xalqının xüsusiliyini vurğulayaraq, Xocalı soyqırımının Azərbaycan tarixi üçün əhəmiyyətindən bəhs edib. C.Verbok Azərbaycanın Qarabağ regionunun artıq azad olduğunu, bunun ölkəmizin rəhbərliyi, düzgün zamanlama və Azərbaycan xalqı hesabına əldə edildiyini vurğulayıb. C.Verbok həmçinin, Xocalı soyqırımının Azərbaycanın qələbəsində mühim rol oynadığını da ifadə edib.   

Daha sonra, C.Verbok kamança ilə Azərbaycan muğam sənətindən nümunələr ifa edib.

Tədbirin sonunda Xocalı soyqırımının qurbanları üçün ehsan verilib. Xocalı soyqırımına hərs olunmuş foto sərgidə faciəyə dair ABŞ mediasında yer almış məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotolar nümayiş olunub.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti