Marşal İrsi İnstitutu ANAMA əməkdaşını və minaaxtaran iti ilin “Ən yaxşı minaaxtaran iti komandası” elan edib
ABŞ-ın humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından biri olan Marşal İrsi İnstitutu (Marshall Legacy Institute – MLI) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vüsal Allahverdiyevi və onun mina axtaran iti “Ben-Mace”-i 2025-ci ilin ən yaxşı mina axtaran iti komandası elan etmişdir.
Mükafat Marşal İrsi İnstitutunun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək illik qala gecəsində təqdim olunacaqdır. Bu münasibətlə tədbirdə iştirak etmək üçün ANAMA əməkdaşları Vüsal Allahverdiyev və Rəhman Əsgərov Vaşinqtona səfər etmişdir.
Bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyində tədbir təşkil olunmuşdur. Tədbirdə Marşal İrsi İnstitutunun İdarə Heyətinin, sponsor təşkilatların və humanitar minatəmizləmə sahəsində ixtisaslaşmış qurumların nümayəndələri iştirak etmişdir.
Tədbirdə Səfirliyin müşaviri Vüsalə Mehdiyeva, Marşal İrsi İnstitutunun prezidenti Eliz Beker, eləcə də ANAMA əməkdaşı Vüsal Allahverdiyev çıxış etmişdir. Çıxışlarda Azərbaycanın üzləşdiyi irimiqyaslı mina problemi diqqətə çatdırılmış, bu sahədə beynəlxalq dəstəyin vacibliyi vurğulanmış, ABŞ-ın, o cümlədən Marşal İrsi İnstitutunun 20 illik əməkdaşlıq çərçivəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilmiş, əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunmuşdur.
Daha sonra tədbir iştirakçıları üçün mina axtaran itin iştirakı ilə şərti minanın aşkar olunması və zərərsizləşdirilməsi nümayiş etdirilmişdir.
ANAMA və Marşal İrsi İnstitutu arasında əməkdaşlıq 20 illik tarixə malikdir. 2005-ci ildən etibarən Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana 100 ədəd mina axtaran it təqdim edilmişdir.