news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 oktyabr 2025

Vaşinqtonda ANAMA əməkdaşına və onun itinə “İlin minaaxtaran it komandası” mükafatı təqdim edilib

Bu ilin 28 oktyabr tarixində Vaşinqton şəhərində ABŞ-nin humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından biri olan Marşal İrsi İnstitutunun təşkilatçılığı ilə “Clearing the Path Awards” adlı illik mükafatlandırma qala-gecəsi keçirilib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vüsal Allahverdiyev və onun minaaxtaran iti “Ben-Mace” 2025-ci ilin “İlin Minaaxtaran İt Komandası” mükafatına layiq görülüb.

Tədbir çərçivəsində Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana ianə edilmiş minaaxtaran itlərin və onların təlimçilərinin azad olunmuş ərazilərimizdəki minatəmizləmə fəaliyyəti ilə bağlı fotoşəkillər nümayiş etdirilib.

Bu il dörd nominasiyada müəyyən edilmiş qaliblər arasında yer alan Azərbaycan nümayəndəsinə mükafatı Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim təqdim edib.

Qala-gecəsində ABŞ Administrasiyası və Konqresinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, minatəmizləmə üzrə beynəlxalq təşkilatların və donor qurumların təmsilçiləri iştirak ediblər.

Səfir Xəzər İbrahim çıxışında mina probleminin Azərbaycanın üzləşdiyi ən ağır humanitar fəsadlardan biri olduğunu vurğulayıb. O bildirib ki, ölkə ərazisinin 13 faizdən çoxu minalarla çirklənib, son onilliklər ərzində 3400-dən çox insan mina partlayışlarının qurbanı olub, yalnız 2020-ci ildən etibarən 400-dən çox şəxs minaya düşərək həyatını itirib və ya xəsarət alıb. Səfir qeyd edib ki, minatəmizləmə fəaliyyəti Azərbaycanın azad olunmuş torpaqlarının yenidən qurulması və bərpası, eləcə də bu ərazilərə məcburi köçkünlərin qayıdışı üçün mühüm əhəmiyyət daşıyır. O, eyni zamanda Marşal İrsi İnstitutu ilə ANAMA arasında 20 illik uğurlu əməkdaşlığın önəmini qeyd edib, donor və tərəfdaşlara minnətdarlıq ifadə edib, minatəmizləmə sahəsində Azərbaycanın səylərinə beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən ABŞ prezidentinin xüsusi nümayəndəsi general-leytenant Keith Kellogg ANAMA nümayəndəsinin fədakarlığını və qəhrəmanlığını yüksək qiymətləndirib, mina çirklənməsi ilə mübarizədə göstərilən səylərin əhəmiyyətini vurğulayıb.

Mükafatı qəbul edən ANAMA nümayəndəsi Vüsal Allahverdiyev çıxışında bu mükafatı bütün mina təmizləyicilər və insan həyatı uğrunda çalışanlar adından qəbul etdiyini bildirib, bu diqqətin onları daha çox əraziləri təmizləməyə ruhlandırdığını deyib.

Qeyd edək ki, Marşal İrsi İnstitutu ilə Azərbaycan arasında əməkdaşlıq 2005-ci ildən davam edir. Bu dövr ərzində İnstitut tərəfindən Azərbaycana 100-dək minaaxtaran it təqdim olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti