ABŞ-nin paytaxtında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı təşkil olunan tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Səfirliyin nümayəndə heyəti, yerli icma nümayəndələri, ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları, eləcə də azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları Ulu öndərin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səfir Xəzər İbrahim ümummilli lider Heydər Əliyevin vəfatının iyirminci ildönümü olduğunu və bu ilin xüsusilə vacib olduğunu qeyd edib. Səfir Prezident, Ali Baş Komandan İlham Əliyevə istinad edərək dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin Ulu öndərin ən böyük arzusu olduğunu qeyd edib. Səfir, həmçinin ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın əsasını qoyduğunu və bu güclü təməlin nəticəsində Azərbaycanın tam suveren dövlət olduğunu qeyd edib. Səfir X.İbrahim anım tədbirində iştirak edən ABŞ-də müxtəlif təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrə və beynəlxalq təşkilatlarda faəliyyət göstərən yerli azərbaycanlı icmasına istinad edərək bu gün dövlətimizin gücünün yanlız Azərbaycanda deyil eyni zamanda dünyanın hər bir bölgəsində, xüsusilə də ABŞ-də mövcud olduğunu vurğulayıb. Çıxışının sonunda səfir X.İbrahim dövlətimizin fəxr edərək Heydər Əliyevin qurduğu cizgiləri çox əminliklə irəlilətdiyini və bundan sonra da bu cizginin davam etdirilməsinin hər bir kəsin borcu olduğunu bildirib.
Səfirliyin hərbi attaşesi Rüstəm Gözəlov isə deyib ki, Azərbaycan xalqı hər il olduğu kimi bu il də Heydər Əliyevin əziz xatirəsini yad edir. Ümummilli liderin Azərbaycanın bütün sahələrinə diqqət yetirdiyini qeyd edərək, bu sahələrdən birinin ordu quruculuğu olduğunu bildirib. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə orduda islahatların başladığını, qısa zaman ərzində ordumuzun inkişaf etdiyini, hərbi hissələrin yarandığını, o cümlədən Azərbaycanın milli kadrlarının yetişdiyini və təhsil və tədrisin başladığını bildirib. R.Gözəlov məhz Heydər Əliyevin dövründə Azərbaycan və NATO arasında əməkdaşlıq əlaqələrinin, eləcə də digər dövlətlərlə hərbi əməkdaşlıq münasibətlərinin yarandığını qeyd edib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş kitablar nümayiş olunub