ABŞ-nin paytaxtı Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.
Azərbaycanın ABŞ-dəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı təşkil olunan tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ölkəmizin ABŞ-də hərbi attaşesi Rüstəm Gözəlov və ABŞ-də yaşayan Azərbaycan diasporasının nümayəndələri və Səfirlik heyəti iştirak edib.
Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövrlərində Heydər Əliyevin keçdiyi çətin və keşməkeşli həyat yolundan, apardığı mübarizələrdən danışıb. Diplomat Heydər Əliyevin hər kəsə nümunə olan ölməz ideyalarından söhbət açaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ümummilli Liderin anadan olduğu gündə ölkəmizin Şuşa şəhəri və Qarabağ regionuna səfər etdiyini, rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğurun Ülu Öndərin zəkasının təcəssümü, onun əmanət qoyduğu milli tərəqqi ideyalarının qələbəsi olduğunu vurğulayıb. Səfir həmçinin, bu il Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinin qeyd olunduğunu bildirərək, fəaliyyəti dövründə Fond tərəfindən hər zaman gənclərimizin təhsil almasına və beynəlxalq müsabiqələrdə iştirakına dəstək olunduğunu vurğulayıb. Səfir çıxışının sonunda Ümummilli Liderin həyata keçirmək istədiyi fəaliyyətləri bu gün Heydər Əliyev Fondu vasitəsilə həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən hərbi attaşe R.Gözəlov Ümummilli Liderin ölkəmizin müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Hərbi attaşe çıxışı zamanı həmçinin, Heydər Əliyevin ölkəmizdə ordu quruculuğunda müstəsna xidmətlərini vurğulayıb.
Tədbirin rəsmi hissəsinin yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirdə həmçinin, Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə rəsmi və işgüzar səfərlərini əks etdirən foto sərgi təşkil edilib.