Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət

 

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

  1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər – o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək, yəni 07 oktyabr 1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;
  2. 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər – o şərtlə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarrixli Qanununun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;
  3. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar – belə şəxslər tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir;
  4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununa müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

 

Tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək üçün şəxs aşağıdakı sənədlərlə Səfirliyə müraciət etməlidir:

  1. Doldurulmuş Ərizə-anket
  2. 2 ədəd 2x2 (inches). ölçüdə fotoşəkil
  3. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin adına yazılmışƏrizə;
  4. Azərbaycan Respublikasının vətəndaşlığına dair və şəxsiyyəti təsdiq edən sənədlərin bütün səhifələrinin surətləri (doğum haqqında şəhadətnamənin surəti, keçmiş sovet nümunəli pasportun surəti, hərbi biletin surəti və s.);
  5. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (yəni, 07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyat barədə rəsmi sənədlərin (“Ev kitabı”nın müvafiq səhifələrinin, “Forma A” vərəqinin) möhürlə təsdiq edilmiş surətləri;
  6. 18 yaşına çatmamış şəxslərin valideynləri barədə məlumatlar (şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və s.);
  7. Şəxsin 1 yanvar 1988-ci ildən 1 yanvar 1992-ci ilədək Azərbaycan respublikası ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu faktı təsdiq edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş vəsiqə və ya arayışın surəti (notarial qaydada təsdiq edilmiş);
  8. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.4.1.2. –ci maddəsinə əsasən, 10 ABŞ dolları məbləğində dövlət rüsumu. “Money order” şəklində ödənilməsi xahiş olunur. "Money order" Səfirliyin adına yazılır: "Pay to the order of: Embassy of Azerbaijan Republic".

 

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək haqqında müraciətə baxılma müddəti və nəticələri

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək haqqında yuxarıda sadalanan sənədlər Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin akkreditə edildiyi ştatlarda yaşayan şəxslər tərəfindən Səfirliyə təqdim edilir, daha sonra ərizə-anket icraat üçün aidiyyəti dövlət orqanı olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Bu müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran müvafiq şəxslərə Səfirlik tərəfindən yazılı məlumat verilir.

Diqqət! Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı: Sənədlərin poçt vasitəsi ilə geri göndərilməsi üçün müraciətə poçt xərcləri ödənilmiş zərfin əlavə edilməsi xahiş olunur. Zərfin üzərinə dəqiq ünvanınızın yazılması və ödəniş markasının yapışdırılmasına nəzarət edin.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Səfirlik məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

 

Arxiv üzrə axtarış