Vaşinqtonda 28 May – Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda yerləşən Tramp-Kennedi Mərkəzində 28 May – Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Tədbirdə ABŞ-nin yüksək səviyyəli rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, 100-dən çox hərbi attaşelik təmsilçisi, ictimaiyyət nümayəndələri və azərbaycanlı icmasının üzvləri iştirak ediblər. Tədbirin əvvəlində “Yeddi Gözəl” musiqi qrupunun ifasında Azərbaycan Respublikasının və ABŞ-nin dövlət himnləri səsləndirilib.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, bu il Müstəqillik Günü ABŞ-nin müstəqilliyinin 250 illiyinin qeyd olunması ərəfəsində keçirilir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfir Azərbaycan ilə ABŞ arasında münasibətlərin rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O, son bir ildə Prezident İlham Əliyevin Vaşinqtona iki dəfə səfər etdiyini xatırladaraq, Prezident Trampın yenidən prezident seçilməsindən sonra ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Səfir X. İbrahim bu əlaqələrin bir çox sahələri əhatə etdiyini bildirərək, münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Ardınca çıxış edən ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kulter ABŞ hökuməti adından Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edib. O, builki bayramın ABŞ-Azərbaycan münasibətlərində tarixi bir dövrə təsadüf etdiyini vurğulayıb. Onun sözlərinə görə, ötən ildən etibarən iki ölkə arasındakı münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib. S. Kulter bildirib ki, vitse-prezident Vensin Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması əlaqələrin daha da möhkəmlənməsinə və görünməmiş səviyyəyə yüksəlməsinə təkan verib. S. Kulter qeyd edib ki, gələn həftə Bakıda ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək və bu təşəbbüs Strateji Tərəfdaşlıq Xartiyasında əks olunan ortaq baxışın həyata keçirilməsində mühüm mərhələ olacaq. Dövlət Departamentinin təmsilçisi, həmçinin ABŞ-nin Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə nail olmaq istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini bildirib.
Hərbi attaşenin vəzifələrini müvəqqəti icra edən 3-cü dərəcəli kapitan Kamran Tahirbəyli çıxışında qeyd edib ki, Azərbaycan ABŞ ilə tərəfdaşlığı yüksək qiymətləndirir və illər ərzində bu münasibətlər müdafiə, təhlükəsizlik və regional sabitlik sahələrində güclü strateji əməkdaşlığa çevrilib. O, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərinə toxunaraq Azərbaycan Silahlı Qüvvələri ilə Oklahoma Milli Qvardiyası arasında mövcud olan davamlı tərəfdaşlığı xüsusi vurğulayıb. K. Tahirbəyli bildirib ki, bu əməkdaşlıq ortaq təlimlərə, qarşılıqlı etimada və dostluq münasibətlərinə əsaslanır. Onun sözlərinə görə, iki ölkə birgə fəaliyyət vasitəsilə təhlükəsizliyin möhkəmləndirilməsinə, sabitliyin təşviqinə və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafına töhfə verir. K. Tahirbəyli ABŞ-nin bölgədə sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını ifadə edib.
ABŞ müharibə katibinin köməkçisinin müavini Endryu Lumis isə çıxışında Azərbaycanın geostrateji baxımdan mühüm əhəmiyyətə malik regionda yerləşdiyini və ABŞ tərəfindən mühüm tərəfdaş kimi qiymətləndirildiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında silahlı qüvvələr sahəsində əməkdaşlıq uzun tarixə malikdir. E. Lumis qeyd edib ki, Azərbaycan iyirmi ildən artıq müddətdə ABŞ ilə çiyin-çiyinə xidmət edib və Əfqanıstanı tərk edən son ölkələrdən biri olub. O əlavə edib ki, peşəkar hərbi təhsil proqramları, regional təlimlər və hərbçilər arasında formalaşan əlaqələr tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Oklahoma Milli Qvardiyasının briqada generalı Kolbi Uayt ötən ilin avqustunda Ağ Evdə keçirilmiş tarixi görüşü xatırladaraq bildirib ki, həmin görüşdən bir neçə gün sonra ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı sənədin imzalanması nəticəsində Oklahoma ilə Azərbaycan arasında Dövlət Tərəfdaşlıq Proqramı yenidən qüvvəyə minib. O vaxtdan bəri bir sıra birgə tədbirlərin keçirildiyini qeyd edən general yaxın illərdə əməkdaşlığın əvvəlki səviyyəsinə qayıdacağına əminliyini ifadə edib. K. Uayt, həmçinin Konqres tərəfindən 907-ci düzəlişin tamamilə ləğv olunmasının bu əlaqələrin daha da inkişafı üçün əlavə imkanlar yaradacağını vurğulayıb.
Tədbirdə, həmçinin ABŞ-nin bir sıra ştat və şəhərlərinin rəhbərləri tərəfindən 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə imzalanmış bəyannamələr elan olunub.
Qəbul zamanı səfir X. İbrahim tərəfindən Azərbaycan diasporunun fəal nümayəndəsi, həkim Şahpur Ənsariyə Azərbaycan-ABŞ əlaqələrinin inkişafına verdiyi töhfələrə görə xüsusi plaket təqdim olunub.
Tədbir çərçivəsində ABŞ-nin 250 illik yubileyinə həsr olunmuş “God Bless America” musiqi əsəri ilk dəfə olaraq “Yeddi Gözəl” musiqi ansamblının ifasında təqdim olunub.
Tədbirin qeyri-rəsmi hissəsində qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub, canlı musiqi proqramı təşkil edilib.
Tədbirin sonunda Tramp-Kennedi Mərkəzi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.