news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 may 2026

Prezident Vudro Vilsonun Ev Muzeyində keçirilən sərgidə Azərbaycana məxsus milli kişi geyimi nümayiş olunub

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən Vudro Vilson Ev Muzeyində dünya ölkələrinin milli geyimlərinə həsr olunmuş üçüncü ənənəvi sərgi təşkil edilib. Azərbaycanın ABŞ-dəki Səfirliyinin dəstəyilə sərgidə ölkəmizə məxsus milli geyim də nümayiş olunub.

 

Bu il Azərbaycan sərgidə Paris Sülh Konfransında iştirak etmiş və həmin dövrdə ABŞ prezidenti olmuş Vudro Vilson ilə görüş keçirmiş Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətini simvolizə edən milli kişi geyimi ilə təmsil olunub.

 

Azərbaycanın ABŞ-dəki Səfirliyinin mətbuat katibi Cəmilə Məmmədova bildirib ki, muzeydə nümayiş etdirilən geyim təkcə Azərbaycanın zəngin milli irsini deyil, eyni zamanda ölkəmizin diplomatik tarixində mühüm bir mərhələni əks etdirir və sülh mesajı daşıyır.

 

Ev muzeyinin icraçı direktoru Elizabet Karçer sərgidə iştirak edən səfirliklərə və tərəfdaşlara təşəkkürünü bildirərək qeyd edib ki, tədbirin əsas məqsədi dəbin gücünü nümayiş etdirmək və bu vasitə ilə sülh mesajlarını geniş auditoriyaya çatdırmaqdır.

 

Sərgidə 60-dan çox ölkənin milli geyimləri nümayiş olunub. Bununla yanaşı, sərgidə təqdim edilən geyimlərin fotolarından ibarət xüsusi jurnal da hazırlanıb. Jurnalın Azərbaycan bölməsində nümayiş olunan geyimdə istifadə edilmiş parçalar və materiallar, eləcə də ABŞ–Azərbaycan münasibətlərinin ilkin mərhələlərindən biri kimi Paris Sülh Konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Vudro Vilson ilə görüşü barədə məlumat verilib.

Sərgi 9 may tarixinədək davam edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti