Siyasi əlaqələr

Siyasi əlaqələr

 

Azərbaycanla ABŞ arasında tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq tarixçəsinə əsaslanır.

ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Los Anceles şəhərində Baş Konsulluğu 9 avqust 2005-ci il tarixində təsis olunmuşdur. 2010-cu ildən isə Azərbaycanın Yeni Meksika ştatının Santa Fe şəhərində fəxri konsuluğu mövcuddur.

Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2021-ci il tarixli sərəncamı ilə Xəzər İbrahim Azərbaycanın ABŞ-dakı səfiri təyin olunub. 12 mart 2019-cu il tarixindən isə ABŞ-ın Azərbaycandakı səfiri Örl (Li) Litzenberqerdir. 

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 86 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir. 21 üzvü olan qrupun rəhbəri Səməd Seyidovdur. ABŞ Konqresində 24 mart 2004-cü ildən fəaliyyət göstərən 38 üzvü olan Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Stiv Koen, Stiv Şabot, Henri Kueyar və Robert Aderholtdur.

1993-cü ildən etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində səfərlər və görüşlər baş tutmuşdur. ABŞ-a ilk rəsmi səfər 1997-ci ldə Prezident Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Sonuncu dəfə, 2016-cı ilin 30 mart – 1 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri baş tutmuşdur.

2021-ci ilin 20-26 sentyabr tarixlərində BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək məqsədilə xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-da səfəri həyata keçirilmişdir. Daha əvvəl, 2020-ci ilin 22-25 oktyabr tarixlərində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri baş tutmuşdur.

Arxiv üzrə axtarış