Mədəniyyət, təhsil və humanitar əlaqələr

Mədəniyyət, təhsil və humanitar əlaqələr

Azərbaycanın ABŞ-da bir çox tədbirlərdə mədəniyyət və musiqisi təqdim edilmişdir. 2002-ci ilin iyunun 26-dan iyulun 7-dək keçirilən 36-cı İpək Yolu festivalında ölkəmiz təmsil olunmuş, Ədalət Nəsibovun başçılıq etdiyi musiqiçilər qrupu konsert proqramları ilə çıxış etmişlər.

2012-ci ilin iyul ayında Vaşinqtonda ABŞ-ın ən böyük mədəniyyət festivalı olan iki həftəlik Smitsonian Folklor Festivalında (Smitsonian Folklife Festival) ABŞ ictimaiyyəti ABŞ-da Qarabağ Fondunun tərəfdaşlığı ilə qurulan “Azərbaycan mətbəxi çadırı”na gələrək ləziz yeməklərimizdən dadmışlar. Bununla yanaşı, festivalın əyləncə proqramına xüsusi olaraq “Azərbaycan muğam axşamları” əlavə edilmişdir. Tanınmış kamança ustası İmamyar Həsənov zərb alətləri ifaçısı Pejham Axavas ilə birgə muğam parçaları ifa etmişdir.

2018-ci ilin 22-24 mart tarixlərində Vaşinqtonun “Con Kennedi Mərkəzində” dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında bəstələnmiş opera xalq artisti Alim Qasımovun və Fərqanə Qasımovanın iştirakı ABŞ ictimaiyyətinə təqdim olunmuşdur. Operanın səhnə quruluşunda “Mark Morris” məşhur rəqs qrupu iştirak etmişdir. İfalarda məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak etmişdir. Alim Qasımovun ABŞ-da qastrolları əvvəlki illərdə də təşkil olunmuşdur. 

2018-ci ilin aprel ayında isə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər çərçivəsində Vaşinqton şəhərinin ən məşhur turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial, Vaşinqton Abidəsi, Linkoln Memorial və “Ağ Evin” qarşısında valehedici Azərbaycan milli rəqsləri nümayiş etdirilmişdir.

Ölkəmiz ilə ABŞ arasında təhsil sahəsində bir sıra proqramlar və mübadilələr həyata keçirilmişdir.

31 yanvar 2020-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsilin idarə olunması üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur. İlk mərhələ üçün proqrama 25 tələbə cəlb ediləcək. Tədris Corc Vaşinqton Universitetindən dəvət olunan,  eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

 

Arxiv üzrə axtarış